Əsrlərdir bu problemi yaşayırıq. Biz daha çox yaşayırıq. Maraqlıdır ki, niyə çöl bizə daha çox maraqlıdır, nəinki iç… Uşağa təhsil verməyə çalışırıq, amma tərbiyə verməyə yox. İngilis dilindən hazırlığa getsin, hər hansı bir fənndən hazırlaşsın, amma əlindən tutub mədəniyyət mərkəzlərinə, və ya teatra, kinoya, maraqlı məclislərə aparmırıq. İdman və müxtəlif idman növləri, övladımızın iradəsini gücləndirəcək heç bir şey etmirik. Amma qalaq qalaq hazırlıqlara pullar ödənilir. Çünki çölə daha çox diqqət edirik, nəinki içəriyə…
Köhnə adamlara sual edəndə ki, bizim ermənilərlə məişətdə fərqimiz nələr olub, maraqlı cavablardan biri də o olub ki, ermənilərin evinin içi natəmiz, həyətləri və blokları təmiz olub. Ancaq biz azərbaycanlıların evinin içi çox zaman təmiz olub. Evimizin içinin təmizliyinə özən göstərmişik, ancaq həyət və blokumuzun önünü təmiz saxlaya bilməmişik. Küçələrimiz natəmiz olub. Burda belə bir paradoks var…
Məsələn, dərinliyə gedəndə qədim oğuz tayfalarında da bunu görə bilirik. İç oğuz və dış oğuz. İçlə də dış(çöl) rəqabətdə, davada olub. Yaxud Bakımızın mərkəzində İçərişəhər və Bayırşəhər bölgüsü var. Bir birlərinə isti baxmayıblar. Sanki, seçim qarşısında qalınır. Hansı? Iç ya dış, içəri ya bayır.
Ancaq biz nə etməliyik deyə sual etsək? Biz, içlə çölün arasındakı ortanı, yəni balansı tuta bilməliyik. Mərkəzi əldə etməliyik. Qızıl orta deyilənə sahib olmalıyıq…