Öncəliklə bildirim ki, Stockholm Skavsta Airport sizi çaşdıra bilər ki, bu aeroport sözündə Stokholm sözü olsa da , bu şəhərdə yerləşmir, yerləşir Nyköping şəhərində. Nyköping isə mənaca yeni bazar deməkdir. Stokholmdan 100 km cənub qərbdə yerləşir. Flixbusla yerindəcə rahatlıqla keçid edirsən, Cityterminalen deyilən yerə və mən ordan otelimə yol aldım. Stokholma gəlincə, mənaca taxta adası deməkdir(log/timber+island).
Cityterminal deyilən yer isə, avtovağzaldır və locker room tapıb, rahatlıqla əşyalarımı yerləşdirdim ora. 1 saatı 8 euro. Necədir? Bahadır. Şəhər bahadır, çox bahadır. Varlı şəhərdir. Şəhəri gəzdikcə mərkəzə doğru irəlilədim. Mərkəz burda Gamla stan deyə keçir və ilk əvvəllər, körpülər arası şəhər idisə, indi mənaca Old town, qədim şəhər mənasını daşıyır. Bir neçə ada var və hər biri yaşayışla əhatə olunub. Royal Palace ən diqqətimi çəkən hissəsi oldu. Müzzeylər doludur və qiymətləri ciddi şəkildə bahadır. Burda insanlar zəngin yaşayır. Ən məşhur 2 yeməyi var ki, Köttbullar və Gravlaxdır. Köttbullar, meatballs da deyilir, bildiyiniz bizim kiftə, yumru şəkildə olan kiftə. Digəri isə somon balığından bişirilən bir yeməkdir. Daddım hər ikisindən. Ləzzətlidir. Çox diqqət çəkən məqam oldu ki, restoranda ofisiant ilk yaxınlaşanda mənə mərhaba dedi və türk olduğumu zənn etdi. Ofisiantlar bəzən bunu necə edirlər, doğrusu çox maraqlıdır.
Dahası, şəhərin avtovağzalı ilə dəmiryolu vağzalı bir birinə çox yaxındır. Nəqliyyat sistemi çox rahat qurulub və metronu da çox bəyəndim. Sadəcə 3 rəng və adla metronu bilmək olur. Mənim qaldığım metro Odenplan idi və diqqətimi Oden sözü çəkdi. Yəqin ki, vikinqlərə baxmısınız və ordan Ragnar Lothbrok adı sizə bir şeyləri xatırladır. Ragnar o dövrün tanrısı sayılan Odinə çox and içirdi(sonradan xristianlıqla tanış olduqda fikri dəyişir). Odin, İsveçdəki Odendir. Onların bütün tanrıların tanrısı və bütün varlıqların sahibi kimi Odini sevməsi, elə metroya onun adının qoyulması bariz nümunəsidir. Yorulmuşam, artıq yatmaq vaxtıdır.
Növbəti yazımda Stokholmu sizə daha da tanıdaram…