Uzun zamandır müşahidələrimə baxıram və gəldiyim qənaət odur ki, avropalılarla biz azərbaycanlıların arasındakı fərq də burdadır. Onlar çox sərhədlidirlər, bizlər isə çox zaman sərhədsiz. Necə? Misal, biz çox tezcanlıyıq, tez tanış oluruq, tez küsürük, tez qeybət edirik və tez tanış oluruq. Burda bunlara əsas səbəb sərhəd yoxdur ya da azdır ya da aradan sərhədləri tez qaldırırıq. Düşünün, bir insanla hansısa maddi və mənəvi başlıqlarda sərhədləri aradan götürürük və yeni bir münasibəti qururuq. Bütün bu durumlarda biz ancaq ya xeyir ya zərər görürük. Çox vaxtı zərər görürük. Sərhəd olmadığına görə, biri o birinə tupoy deyir, təhqir edir, söyür və də alçaldır, hətta küçümsəyir və sairə. İctimai nəqliyyat, taksi, bir maşın digərinə yol verməyəndə, növbə gözləyəndə və ya sosiyal mediada tanışlıqda və sairə. Sərhədsizlik gözə batır.
Avropada daha çox sərhəd görürük. Tanışlıqda, münasibətlərdə, işdə, müxtəlif məkanlarda və sairə. Hər zaman sərhədlər gözə çarpır. Sərhədlər üstəlik aşılandır. Yəni aşa biləcəyin sərhədlərdir, ancaq aşdıqdan sonra növbəti sərhədə keçid edirsən. Bu minvalla sərhədlərdə hər daim sınaq kimi qarşılaşdığın məsələləri keçməli olursan. Orda sərhədlər qanunlardır. İctimai və ümumi qanunlardır. Sərhədlər doğru çərçivələrdir. Bunlar öz növbəndə hədləri müəyyən edir. Hədd var Avropadakı münasibətlərdə. Həddi aşmırlar. Nadirən olar. Ancaq biz həddləri aşırıq və bununla da problemlər yaradır və yaşayırıq. Bizim ölkəmizdə sərhədlər də aşılmazdır. Gərək vunderkind, superman və ya Qaçaq Nəbi olasan. Ən azı Koroğlu. Fədailik, fədakarlıq, cəsarət hətta kor cəsarət. Elə belə deyil sərhədli olan münasibəti ölkəmizdə keçmək.
Sərhəd və sərhədsizlikdə mütləq sərhədlər düzgün müəyyən olunmalıdır. Əks halda hər iki hal mənfi doğurar. Bizdəki sərhəd, Avropadakı sərhədlə müqayisədə can da alır, qan da alır, ömür də alır və bərk bir şeysiz ötüşmür. Sərhədləri həddində çərçivələyin!