Tolerantlıq, Praqadan Vyanaya gedəndə 5 saatlıq yolda üzbəüz oturan bir hindlinin öz ana dilində durmadan telefonda kiminləsə danışmağıdır. Avtobusda əhatəsində olan 8 nəfərin bundan rahatsız olmaması və səsini də çıxartmamasıdır.
Tolerantlıq, təyyarədə, Stokholmdan-Riqaya uçanda 3 + 3 nəfərin oturduğu cərgədə, ortada oturan birinin qapaqlı su qabının qapağını ilk 30 dəqiqə açıb bağlayanda çıxardığı səsdən narahatlıq keçirdiyini o şəxsə bildirməməkdir. Bəlkə də narahatlıq keçirilmir. Səsini çıxaran yoxdur.
Tolerantlıq, Riqada avtobusun içində 20 dəqiqə çırtaçırt tum çırtlayan bir xanımın, gənc idi, heç kimin ona qayıdıb bir dənə də söz deməməsidir. Heç kim bundan rahatsız olmur, olursa belə səsini çıxartmır.
Hosteldə yatdığın yerdə, içəriyə gələn yeni bir otaq müştərisi çıxardığı səsə bir Allahın qulu heç nə demir. Demir ki, o çantanı yavaş aç, bağla və ya bu qədər səs eləmə.
Mənim bir neçə belə deyə biləcəyim nümunələr var və hər dəfəsində özüm narahat olduğum məqamlar oldu. Ancaq məndən başqa mənfi yüklənəni görmədim. Sual da burdan yaranır, tolerantlıq budur?!