Biznesdə əsas problem insanları cəlb etmək deyil, onları saxlamaq və davamlı dəyər yaratmaqdır. Mən satış edə, insanları yanımıza gətirə bilirəm. Amma bundan sonrakı mərhələ loyallıq, təkrar gəlmə, təcrübənin gücləndirilməsi daha çox diqqət tələb edir.
İkinci nəticə budur ki, uzun müddət operations içində qalmağım düşüncəmi daraldıb. Çox şeyi özüm həll etməyə, bütün qərarları öz üzərimdən keçirməyə alışmışam. Bu isə məni strateji düşüncədən uzaqlaşdırıb.
Artıq bunu dəyişməliyəm.
Mənim əsas rolum hər şeyi özüm etmək deyil. Mən insanları, fikirləri və resursları birləşdirən tərəf olmalıyam. Komanda icra etməli, mən isə istiqamət verməli, qərar verməli və sistemi böyütməliyəm.
Eyni zamanda qəbul edirəm ki, məsləhətçi və güclü fikir verən insanlara ehtiyacım var. Hər şeyi öz zehnimdən çıxarmağa çalışmaq düzgün deyil. Özümdən daha ağıllı insanlarla oturmaq, fikir almaq, müzakirə etmək və onların baxışını sistemə daxil etmək lazımdır.
Komanda məsələsində də standartı yüksəltməliyəm. Ya mövcud insanları daha güclü yetişdirməliyəm, ya da daha güclü mütəxəssisləri sistemə daxil etməliyəm.
Şirkət yalnız xidmət göstərən yer olmamalıdır. İnsanların mənəvi olaraq dolduğu, maraq gördüyü, fərqli təcrübə yaşadığı bir yer olmalıdır. Standart şablondan çıxmaq, işə daha çox rəng, ideya və dəyər qatmaq lazımdır.
Ən vacib şəxsi nəticəm isə budur: keçmişdə nə baş verdiyini izah etməklə özümü müdafiə etməkdənsə, “İndi nə edə bilərik?” sualına fokuslanmalıyam.
Problemi izah etmək yetərli deyil.
Həll düşüncəsinə keçmək lazımdır.
Mənim növbəti mərhələm daha çox işləmək deyil. Daha geniş düşünmək, daha yaxşı insanlarla işləmək, daha düzgün delegasiya etmək və daha strateji qərarlar verməkdir.
